Covid-19 nədir?

Koronaviruslar insanlar və ya heyvanlar arasında yayıla bildiyi sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Məlumdur ki, bir sıra koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi vəziyyətlərə qədər səbəb ola bilər. Bu yaxınlarda aşkar edilmiş koronavirusların sonuncusu COVID – 19 xəstəliyinə səbəb olur.

Covid-19 xəstələyinin simptomları hansılardır?

COVID – 19 xəstəliyinin ən çox görülən simptomları qızdırma, halsızlıq və quru öskürək olaraq bilinir. Ancaq COVID-19-a yoluxma hallarının 17 faizində tənəffüs çatışmazlığının inkişafı ilə ciddi simptomlar meydana gəlir. Yaşlı insanlarda, eləcə də arterial hipertansiyon, ürək xəstəliyi və ya diabet kimi somatik xəstəlikləri olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Ölümlə nəticələnən hallar təxminən 2% təşkil edir.

Virus necə yayılır?

Covid-19 insandan insana asanlıqla yoluxa bilən bir xəstəlikdir. Virus yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə yayılaraq digər insanlara keçə bilər. Eyni zamanda bu damcılar ətrafdakı əşyalara və səthlərə düşür. Digər insanlar əvvəlcə bu cür əşyalara və ya səthlərə, sonra gözlərinə, burun və ya ağızlarına toxunaraq yoluxa bilərlər. Bu səbəblə xəstədən 1 metrdən çox məsafədə olmaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir.

Virusdan necə qorunmaq olar?

Əllərinizi spirt əsaslı məhsulla mütəmadi dezinfeksiya edin və ya sabunla yuyun. Sabun və spirtli məhlullar virusları öldürmək üçün ən effektiv vasitələrdəndir. Mümkün olduğu qədər əlinizlə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Əllər bir çox səthə toxunur. Viruslar isə cansız səth üzərində 4 saatdan 12-saata qədər qala bilirlər. Bu səbəbdən əllərinizə üzünüzə toxunmazdan əvvəl mütlək yumağınız və ya dezinfeksiya etməyiniz tövsiyə olunur.

Asqırarkən və ya öskürərkən ağız və ya burnunuzu dirsəyinizin içi və ya kağız dəsmalla örtün. Kağız dəsmalı istifadən dərhal sonra tullayın.